Daxil ol



Şifrəni unutmuşam
Qeydiyyat

blogger - Vusal / Müsbət mənada fərqlənək

İnsan bəzən, geyimində davranışında, istərsə də düşüncələrində fərqli olmağa can atır. Bu yolla başqalarından seçilmək, ya da diqqət mərkəzində olmaq istəyir. Lakin hər hansı davranışımızı və ya xasiyyətimizi dəyişmək üçün 2 ünsür vacibdir-möhkəm iradə və səbr. Möhkəm iradə ona görə tələb olunur ki, əgər hər hansı bir mənfi xasiyyətimizi və ya düşüncəmizi dəyişmək istəyiriksə, bunun üzərində sonacan çalışmalı və istədiyimiz nəticəni əldə edənə kimi özümüzlə mübarizə aparmalıyıq. Qarşımıza maneələr çıxsa belə, bütün maneələri aşmalı və məqsədimizə çatmalıyıq. İkinci əsas ünsür isə səbrdir. Davranış, xasiyyət və ya düşüncə dəyişmək heç də asan bir şey deyil. Bunun üçün səbrli olmaq lazımdır. Ətrafımızda müxtəlif temperamentli insanlar var. Onlarla ünsiyyət qurmaq, yaxşı dil tapmaq üçün qarşı tərəflə özümüzü müqayisə edib, mənfiliklərimizi tapmalı və öz müsbətlərimizi qiymətləndirməliyik. Yaxşı ünsiyyət üçün mütləq qarşı tərəfin temperamentində, onun tipində olmaq vacib deyil. Bunun üçün özümüzdə də heç olmasa konformluq olmalıdır (konform-fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk edərək onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşması deməkdir.)
Doğrudur, ilk baxışda fərqli olmaq insana xoş təəssürat bağışlayır. Bununla özümüzü başqalarından fərqli görməyə çalışır, ya da daim diqqət mərkəzində olmaq istəyirik. Amma daha sonra insan özünün belə qeyri-normal davranışından və ya düşüncəsindən bezməyə başlayır. Çünki ətraf mühitə uzlaşmaqda problem yaranır — başqalarının sənə verdiyi məsləhətlər səni boğmağa başlayır, səni heç kəs anlamır. Düşünürsən ki, sən onlardan çox şey bilirsən, hamı sənin düşüncələrini qəbul etməlidir, ya da “mənə nəsə olub”, ”niyə əvvəlki kimi olmadım, özümdə dəyişiklik etdim?”deyə bütün günü düşünməyə məcbur olursan. Bəs niyə əvvəl xoşluqla qəbul edib, sonra özümüzdəki dəyişiklikdən bezirik? Buna ehtiyacımız vardı? Bəli, əvvəl bütün dəyişikliyi xoşluqla qəbul etdik, amma sonra problemlər yaşadıq. Axı, insanlar bilməlidir ki, xasiyyət anadangəlmədir və özümüzdən asılı deyildir. Buna düzəliş etmək və ya dəyişmək çox çətindir. Doğrudur, hərdən dəyişilmək istəyirik, amma yenə də çətin olduğunu anlamalıyıq. Belə bir maraqlı məsəl də vardır ki, insan göydə olarkən nə xəyallar qurur, nə düşüncələr yaradır, yerə endikdə isə ətraf ona düşüncələrinin, xəyallarının nə qədər yanlış olduğunu başa salır. Hətta “göydə necə də ağılsız olmuşam”deyə düşünürsən. Yerdə isə ətraf aləmlə uzlaşmağa calışırsan. Sən onlara yalnız güclü iradən və səbrinlə qalib gələ bilərsən .Əgər güclü iradəyə malik deyilsənsə, o zaman ətrafdakı müsbətlərlə bahəm mənfilikləri də qəbul etmək məcburiyyətində qalarsan…
Bəzən düşüncələrimizə görə ya dostumuz olmaz, ya da dost- tanışın olar, amma sənə kifayət etməz. Yəni, sənin düşüncələrini anlayan, səni başa düşən bir insan tapmaq çətin olar. İnsanlar ətrafa uyğunlaşma dərəcəsinə görə bir-birilərindən fərqlənirlər. Bəziləri qapalı mühiti sevər, yalnız qalmağa çalışar, bəziləri mühitlə yaxşı dil tapıb ünsiyyətcil olar, bəziləri yeni mühitə gec alışar, bəziləri tez və s. Nümunələr çoxdur. Lakin yaxşı dost olub da yaxşı dostun olması üçün çalışaq ki, bir az ekstravert olaq. Yəni, ünsiyyətcil olmaqla başqa insanlarla yaxşı ünsiyyət qurmaq, onlarla düşüncələrini paylaşmaq, ürəyiaçıq olmaqla ətrafdakıların sevgisini qazanmaq və onlara maraq göstərmək xüsusiyyətinə malik olmaq lazımdır. Heç vaxt indifferent yəni, laqeyd mövqedə dayanmamalıyıq. Ətrafla maraqlanıb, yaxşını, pisi ayırd edib, özümüzlə müqayisə etməliyik. Əgər fərqli olmaq istəsək, o zaman müsbət mənada fərqli olaq. İnsan edəcəyi hər bir işini məqsədli şəkildə qurmalıdır. Müsbət mənada fərqli olaq, kimlərdənsə seçilmək və ya diqqət mərkəzində olmaq üçün fərqlənməyək.
  • 0
  • 11 мая 2010, 09:17
  • Vusal
  • 2

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
Marqlidi, yazi stilin xoshuma geldi. Davam et, ugurlar!!!
+
0
cox aktual movzudu

Ancaq qeydiyyatdan keçən və sistemə daxil istifadəçilər şərh yaza bilərlər.