blogger - Vusal / Sonrakı peşmançılıq...
Əvvəllər həmişə ötüb-gedəni saxlamaq istərdim. Məndən uzaq düşən dostlarımı, qohumlarımı, hətta saatın bir-bir rəqəmlər üzərindən keçən əqrəblərini belə, tutub saxlamaq istərdim. Buna görə də həmişə zamana iradım tutub. Amma elə bəlkə də özüm də qayıtmamaq üzrə çox ötmüşəm sevdiyim kəslərin yanından. Əfsus, zamanı saxlamaq olmur. Həyatımız məhz zamanla dəyişilə bilir. İnsan doğulur, yaşayır, böyüyür. Bəlkə də bu zaman ərzində bəzən heç düşünmür ki, bu dünyaya göz açdığı andan etibarən ömrü anba-an azalır, artmır. İradəsi yetmədiyi təqdirdə isə udmur, uduzur və ta o vaxta qədər ki, insanın əində-ovucunda heç nə qalmır. Hər şeydən zaman onu məhrum edir. Ancaq o zaman insan nələri itirdiyini dərk edir. Necə deyərlər: “Daş da qiymətlənir əldən gedəndə...”Ümumiyyətlə, insan xasiyyəti belədir. Necə ki, can sağlığı var, var-dövlət istəyir. Pulu var. Məhəbbət istəyir. Var olanın dəyəri isə dəyərsizlik olur.
Uşaq ikən bir söz eşitmişdim — “Ən yaxşı saray məhz sənin öz sarayındır. ” Ancaq açığı, o zaman bunun mənasını başa düşə bilməmişdim. Yalnız indi anlayıram ki, Allahın mənə verdiyi — mənim olan basqasına məxsus hər hansı bir şeydən (hətta iki qat qiymətli olsa belə) daha qiymətli, daha faydalı imiş.
Lakin dediyim kimi insan həmişə nəyinsə ümidi, arzusu ilə yaşayır. Bu pis deyil, əslində yaxşı xüsusiyyətdir. Ancaq sahib olduqlarımız bizim dəyərimizdir. Nələrisə yanlış yolla qazanmaq uğrunda, nələrisə qurban verərək həyatını alt-üst etməksə hərənin öz işidir.
Nəzərə almaq lazımdır ki, insan həqiqətən cəhd etdikdən və istədikdən sonra yaradan ona hansısa neməti mütləq bəxş edir. Yalnız bizim həyatımızda elə şükür ediləsi, lakin bəzən bizlərin layiqincə qiymətləndirmədiyimiz elə nemətlər var ki, Allah onları bizlərə ömrümüzdə bircə dəfə verir. Bu nemətlərdən biri də valideynlərimizdir.
Düşünün sevdiklərimiz bizlərin yanında olanda onlara sevdiyimizi məhz varlığında demək, dəyər verdiyimiz kəsləri sevindirmək, heç olmasa təbəssüm etmək çoxmu çətindir?! Məgər onları incidib iş-işdən keçəndən sonra peşman olmağın faydası varmı?!
Allah insana nemət verərkən bu neməti yerdəki qulları vasitəsilə çatdırır, bir kəsi himayə edərkən onu yenə qulları vasitəsilə himayə edir. Lakin belə də olsa düşünməyə dəyməzmi bu qayğıkeş himayədarlar bizi qorumaq üçün necə olmazın əzab-əziyyətini çəkirlər. Bu səbəbdən də bəzən bizlər onların həyatında sınağa çevrilirik. Buna baxmayaraq biz yenə də bilməyərəkdən belə olsa, onları incidə bilirik. Hətta övlad adına yaraşmayan şəkildə onlara nankorluq edənlər də olur. Vaxt isə son peşmançılıq üçün nə səni, nə də məni, nə də bir başqasını gözləmir. Bir göz qırpımında ötüb keçir.
Nə qədər ki, sabah bu gün, bu gün isə dünənə çevrilməyib, dəyəri olana vaxtında qiymət verməyi öyrənmək lazımdır.
- 0
- 10 мая 2010, 13:43
- 1

Şərhlər (1)
RSS yığmaq / açmaqAncaq qeydiyyatdan keçən və sistemə daxil istifadəçilər şərh yaza bilərlər.